Gürcüstan sərhədlərini açır

  • 3703

Gürcüstan martın 1-dən etibarən bir neçə ölkə vətəndaşlarının girişinə icazə verəcək.

Ölkə fevralın 25-dən Covid-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin tədricən ləğv edilməsinə başlayır.

Martın 1-dən etibarən isə Azərbaycan, Rusiya, Belarus, Ukrayna və Qazaxıstan vətəndaşları mənfi koronavirus testi ilə Gürcüstana daxil ola biləcəklər. Bundan əvvəl Gürcüstan bu qaydaların yalnız Avropa İttifaqı ölkələrinin vətəndaşlarına şamil olunacağını, bir neçə digər ölkə vətəndaşlarından isə tam doza vaksin tələb olunacağını elan etmişdi.

Gürcüstanda martın 8-dən restoran və ticarət mərkəzlərinin, martın 15-dən ali təhsil müəssisələrinin və idman zallarının, aprelin 1-dən isə teatr və idman arenalarının açılacağı bildirilir. Bununla yanaşı, 9:00-17:00 saatları xaricində hərəkət məhdudiyyəti qaydası hələlik qüvvədə qalır.

Azərbaycan-Gürcüstan sərhədi hələlik bağlıdır və iki ölkə arasında hələ ki, birbaşa uçuş həyata keçirilmir.

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan sərhədlərinin açılması ilə bağlı hər hansı yeni qərarın olmadığını bildirib.